Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (GCC) Akkreditasiya Mərkəzinin (GAC) direktoru Moteb Al-Mezaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı ölkədə akkreditasiya sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə addımlardan söz açılıb, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesi üzrə prioritet məsələlərə nəzər salınıb. Həmçinin qarşı tərəflə bu sahədə faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə texniki fəaliyyətin təşkili müzakirə edilib. Bildirilib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması və xarici bazara çıxışın təmin edilməsində beynəlxalq təşkilatlara üzvlük mühüm əhəmiyyət kəsb edir.
Görüş çərivəsində Azərbaycan Akkreditasiya Mərkəzi və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması, o cümlədən halal akkreditasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sahəvi kadrların və ekspertlərin hazırlanması, peşəkar inkişafı, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb olunması istiqamətində birgə fəaliyyət həyata keçirəcəklər.