“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) akkreditasiya üzrə prinsip və qaydalara riayət olunmasını təmin edən və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiya tələblərinə cavab verməsini təsdiqləyən dövlətin səlahiyyətli, vahid milli orqanıdır.
AzAK sınaqların aparılması, kalibrləmə və inspeksiya xidmətlərinin göstərilməsi, etalon material istehsalçıları, malın (xidmətin, işin) və işçi heyətin sertifikatlaşdırılması kimi fəaliyyətləri təmin edən qurumların akkreditasiyasını "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, milli və beynəlxalq standartların, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirir.
AzAK uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasından başqa (uyğunluğu qiymətləndirən qurumlara təlimlərin keçirilməsi istisna olmaqla) digər fəaliyyətlərlə məşğul olmur.
AzAK fəaliyyəti zamanı aşağıda sadalanan standartlar, texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər və digər normativ sənədlərdən istifadə etməklə akkreditasiya sxemlərini tətbiq edir. AzAK tərəfindən akkreditasiya sxemlərinin formalaşdırılmasına dair idarəetmə sisteminin sənədləri hazırlanıb:
Yuxarıda qeyd olunan standartlarla əlaqəli fəaliyyət üçün AzAK-ın idarəetmə sisteminin sənədləri Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Beynəlxalq Akkreditasiya Forumu (IAF), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC), Akkreditasiya üzrə Asiya - Sakit Okean Əməkdaşlığı Təşkilatına (APAC) məcburi sənədlərinin tələbləri nəzərə alınmaqla hazırlanıb.
Tarixi
Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb. Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirib.
Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2025-ci il tarixli, 165 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmişdir. Həmin Qərara əsasən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs qeyd olunan tarixdən etibarən Agentliyin tabeliyinə verilmişdir.