İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Akkreditasiya üzrə Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APAC) Baş Assambleyasının illik iclasında iştirak edib.
Baş Assambleyanın iclası zamanı AzAK-ın təşəbbüsü ilə nümayəndə heyətinin APAC-ın İcraiyyə Komitəsinin sədri Cennifer Evans (Avstraliyanın akkreditasiya orqanı NATA), APAC sədrinin müavini Rac Nathan (ABŞ-ın akkreditasiya orqanı IAS), APAC Qarşılıqlı Tanınma Sazişi Şurasının (MRA) İdarəetmə Komitəsinin sədri Trace McInturff (ABŞ-ın akkreditasiya orqanı A2LA), Texniki Komitə 1 (laboratoriyalar, inspeksiya orqanları, standard nümunə istehsalçıları və səriştəlik sınaqları təminatçıları) sədri Adam Qouker (ABŞ-ın akkreditasiya orqanı A2LA) və APAC katibi Graeme Drake ilə görüşlər keçirilib. Görüş AzAK-ın tanıdılması, APAC-a üzvlüyün əhəmiyyəti, əməkdaşlıq əlaqələri və perspektivdəki layihələr müzakirə olunub.
Tədbir zamanı APAC və Qarşılıqlı Tanınma Sazişi Şurasının (MRA) sədrlərinin, İcraiyyə Komitəsi də daxil olmaqla digər komitələrin hesabatları dinlənilib.
Qeyd edək ki, Baş Assambleya APAC-ın ən yüksək qərar qəbul edən orqanıdır və müvafiq nizamnaməsinə əsasən APAC-ın digər orqanlarına həvalə olunmamış bütün səlahiyyətlərə malikdir.