Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Yavər Məmmədov: “Akkreditasiyadan keçmiş qurumların xidmətləri bazarda rəqabət üstünlüyünə malikdir”

Yavər Məmmədov: “Akkreditasiyadan keçmiş qurumların xidmətləri bazarda rəqabət üstünlüyünə malikdir”

Azərbaycanın öz məhsullarını daha geniş beynəlxalq bazarlara çıxarmaq üçün görməli olduğu işlərdən biri də akkreditasiya prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Bu baxımdan Azərbaycanın Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) üzvlüyü vacib hesab edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktor müavini Yavər Məmmədov “vergiler.az”a müsahibəsində akkreditasiya sahəsində görülən işlər, Azərbaycanın ILAC-a üzvlüyü və s. məsələlər barədə danışıb.

 

          - Yavər müəllim, ilk olaraq akkreditasiyanın mahiyyəti barədə danışaq. Ümumiyyətlə, akkreditasiya nədir?

- İlk növbədə bildirmək istəyirəm ki, akkreditasiya anlayışı çox geniş bir anlayışdır və bir çox sahələrdə tətbiq edilir. Biz bu gün uyğunluğun qiymətləndirilməsi sahəsində olan akkreditasiyadan danışacağıq.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya uyğunluğun qiymətləndirilməsi xidmətlərini təklif edən təşkilatların akkreditasiya tələblərinə cavab verməsinin şəffaf və qərəzsiz qiymətləndirilməsidir və həmin qurumların texniki səriştəliliyini təsdiq edir.

Məsələnin tam mahiyyətini anlamaq üçün sözügedən iki anlayışa - uyğunluğun qiymətləndirilməsi və akkreditasiya tələblərinə aydınlıq gətirək.

Uyğunluğun qiymətləndirilməsi malın, işin, xidmətin, idarəetmə sistemlərinin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ-hüquqi aktda, standartlaşdırma sahəsində müvafiq normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir.

Uyğunluğun qiymətləndirilməsi və akkreditasiya
metrologiya və standartlaşdırma ilə birlikdə ölkənin
keyfiyyət infrastrukturunun mühüm hissələridir

Uyğunluğun qiymətləndirilməsi xidmətləri isə sınaqların aparılması, kalibrləmə və inspeksiya xidmətlərinin göstərilməsi, malların və fiziki şəxslərin sertifikatlaşdırılması, səriştəlilik sınaqlarının təşkili, standart nümunə istehsalı, validasiya və verifikasiya kimi fəaliyyətlərdir.

Akkreditasiya tələbləri uyğunluğun qiymətləndirilməsi xidmətlərinə qarşı beynəlxalq, milli və sektoral standartlar, eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərdir.

Daha sadə dillə desək, uyğunluğun qiymətləndirilməsi bu sahədə xidmət göstərən beynəlxalq, milli və sektoral standartlar və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən qurumlar tərəfindən aparılır.

Akkreditasiya özü könüllü fəaliyyətdir, lakin Azərbaycan qanunvericiliyinə görə, akkreditasiya bir sıra hallarda məcburi xarakter daşıyır.

Onu da qeyd etməliyik ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesinin sonunda verilən sənəd, yəni akkreditasiya attestatı “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən icazə sənədi hesab edilir.

Uyğunluğun qiymətləndirilməsi və akkreditasiya metrologiya və standartlaşdırma ilə birlikdə ölkənin keyfiyyət infrastrukturunun mühüm hissələridir.

“Sadə dillə akkreditasiyanı necə izah edərsiniz?” sualına bir çox dövlətlərin akkreditasiya mərkəzlərinin direktorları müxtəlif cür cavab verirlər. Onlardan ən maraqlısını Sizə təqdim edirəm: “... biz laboratoriyaların fəaliyyətini yaxşılaşdırırıq”.

Beləliklə, akkreditasiya uyğunluğun qiymətləndirilməsi xidmətlərini təklif edən qurumların və eləcə də həmin qurumlardan xidmət alan subyektlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir.

          - Bəs akkreditasiyadan kimlər faydalanır?

- Akkreditasiyadan istehlakçılar, sənaye müəssisələri, dövlət və özəl qurumlar faydalanırlar.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya etibarlı nəticələrə malik sınaqların, dəqiq ölçmə və kalibrləmə xidmətlərinin, inspeksiya xidmətlərinin, eləcə də yüksək keyfiyyətə və təhlükəsizliyə malik mal və xidmətlərin bazara çıxışını təmin edir. Sənaye müəssisələri daha etibarlı sınaq nəticələri və kalibrləmə xidmətləri əldə etməklə məhsul istehsalının yaxşılaşdırılmasına, bununla da yararsız məhsulun istehsalının azalmasına nail olurlar. İstehlakçılar dayanıqlı, qəbul edilən və etibarlı, keyfiyyətə və təhlükəsizliyə malik mal və xidmətlərə çıxış əldə edirlər.

Dövlət və özəl müəssisəslər keyfiyyəti əsas tutaraq akkreditasiyadan keçmiş qurumlara daha çox üstünlük verirlər. Məhz bu səbəbdən akkreditasiyadan keçmiş qurumların xidmətləri bazarda daha çox qəbul olunmaqla rəqabət üstünlüyünə malikdir.

Nəhayət, onu deyə bilərik ki, akkreditasiya qərarların qəbulu, risklərin idarə edilməsi və təchizatçı seçimi üçün vacib amildir.

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində göstərilən
akkreditasiya xidmətlərinin beynəlxalq tanınması üçün bu xidmətləri
təşkil edən və Azərbaycanın bu sahədəki yeganə milli orqanı olan
Azərbaycan Akkreditasiya Mərkəzi ILAC və Beynəlxalq
Akkreditasiya Forumuna (İAF) tam hüquqlu üzv olmalı və həmin
qurumlarla qarşılıqlı tanınma sazişləri imzalamalıdır

          - Azərbaycanda uyğunluğu qiymətləndirən qurumların göstərdikləri xidmətlərin beynəlxalq tanınması mümkündürmü?

- Azərbaycanda fəaliyyət göstərən uyğunluğu qiymətləndirən qurumların göstərdikləri xidmətlərin beynəlxalq miqyasda tanınması üçün ilk növbədə həmin qurumların akkreditasiyasının beynəlxalq tanınması lazımdır. Çünki həmin qurumların göstərdikləri xidmətlərin səriştəliliyi məhz akkreditasiya qurumu tərəfindən təsdiq edilir.

Məhz bu səbəbdən uyğunluğu qiymətləndirən qurumların göstərdikləri xidmətlərin beynəlxalq səviyyədə tanınması üçün Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində göstərilən akkreditasiya xidmətlərinin beynəlxalq tanınması mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində göstərilən akkreditasiya xidmətlərinin beynəlxalq tanınması üçün bu xidmətləri təşkil edən və Azərbaycanın bu sahədəki yeganə milli orqanı olan Azərbaycan Akkreditasiya Mərkəzi ILAC və Beynəlxalq Akkreditasiya Forumuna (İAF) tam hüquqlu üzv olmalı və həmin qurumlarla qarşılıqlı tanınma sazişləri imzalamalıdır.

ILAC dünya miqyasında laboratoriyaların, inspeksiya orqanlarının, səriştəlilik sınaqları təminatçılarının və standart nümunə istehsalçılarının akkreditasiyası üzrə beynəlxalq qurumdur, dünya üzrə bu istiqamətdə akkreditasiya xidmətlərinin qarşılıqlı tanınmasını təmin edir.

IAF isə malların və xidmətlərin, fiziki şəxslərin, idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanlarının, validasiya və verifikasiya xidmətləri göstərən qurumların akkreditasiyası üzrə xidmətlərin qarşılıqlı tanınmasını təmin edir.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2018-ci ildən İLAC-ın assosiativ üzvüdür və hazırda ILAC-a tamhüquqlu üzv olmaqla bağlı intensiv iş aparır.

Eyni zamanda, qeyd edilən məsələ, yəni AzAK-ın ILAC-a tamhüquqlu üzv olması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.

Hər bir sahədə olduğu kimi, ILAC-a tamhüquqlu üzv olma məsələsində də Türkiyə Azərbaycana dəstək verir. Belə ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2022-ci ilin fevral ayında texniki yardım layihəsi çərçivəsində Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə saziş imzalayıb. TÜRKAK tərəfindən göstərilən məsləhət və təlim xidmətlərinin əsas məqsədi AzAK-ın göstərdiyi xidmətləri ILAC-ın və beynəlxalq standartın tələblərinə uyğunlaşdırmaqdır.

          - ILAC-a üzvlüyün faydaları nədir?

          - İLAC-a üzvlük dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələri aradan qaldırır. Əgər bu quruma üzv olsaq:

  • İkitərəfli və çoxtərəfli beynəlxalq ticarət müqavilələrinin bağlanması zamanı etibarlı və texniki cəhətdən mükəmməl zəmin yaranacaq;
  • Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların verdikləri sənədlərin beynəlxalq tanınması təmin ediləcək;
  • Bu, beynəlxalq ticarətin əsasını təşkil edir və məhsulların bir ölkədən digərinə (tam fərqli iqtisadiyyatı olan ölkəyə) keçidi zamanı əlavə uyğunluğu qiymətləndirmə xidmətlərinə (məsələn, sınaq və kalibrləmə xidmətlərinə) ehtiyac aradan qaldırılacaq.
  • Uzunmüddətli perspektivdə akkreditasiya olunmuş laboratoriyaların, inspeksiya orqanlarının, səriştəlilik sınağı təminatçılarının və istinad materialı istehsalçılarının akkreditasiyasının və nəticələrinin digər ölkələrin dövlət və özəl müəssisələri tərəfindən tanınması təmin ediləcək.

İlkin mərhələdə sınaq və kalibrləmə laboratoriyalarının AzAK-ın yeni
prosedur, qayda və təlimatlarına uyğunlaşdırılması nəzərdə tutulub

          - AzAK özünün beynəlxalq tələblərə keçid siyasətini dərc edib. Keçid siyasəti nədir və onun dərc edilməsində əsas məqsəd nədir?

- AzAK-ın ILAC-a tamhüquqlu üzv olması və ILAC-la Qarşılıqlı Tanınma Sazişini imzalaması üçün ILAC-ın və müvafiq beynəlxalq standartın bütün tələblərini yerinə yetirməsi tələb olunur.

Bu tələblər tək AzAK üçün deyil, ümumilikdə Azərbaycanın keyfiyyət infrastrukturu üçün, o cümlədən uyğunluğu qiymətləndirən qurumlar üçün də çox vacibdir.

Bu məqsədlə ILAC-ın tələbləri, eləcə də bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi öyrənilib, AzAK-ın idarəetmə sistemi ILAC-ın və müvafiq beynəlxalq standartın bütün tələblərinə uyğunlaşdırılıb, yeni prosedur, qayda və təlimatlar hazırlanıb.

İlkin mərhələdə sınaq və kalibrləmə laboratoriyalarının AzAK-ın yeni prosedur, qayda və təlimatlarına uyğunlaşdırılması nəzərdə tutulub.

Məsələnin həllinə nail olmaq üçün akkreditasiya olunmuş laboratoriyalara öz fəaliyyətlərini tam yeni sistemə, yəni ILAC-ın və müvafiq beynəlxalq standartın tələblərinə uyğunlaşdırmaları üçün 2024-cü ilin 30 iyun tarixinədək vaxt verilib.

          - Keçid siyasətində hansı fəaliyyətlər nəzərdə tutulur? Keçid siyasətinin əhatə dairəsi və miqyası barədə nə deyə bilərsiniz?

- Keçid siayasətinə əsasən laboratoriyalar ILAC-ın ölçmə nəticələrinin metroloji izlənilməsi və kalibrləmə zamanı ölçmə qeyri-müəyyənliyi üçün ILAC siyasəti və digər ILAC sənədlərinin tələblərini yerinə yetirməlidirlər. Keçid siyasəti 45 kalibrləmə və 180 sınaq laboratoriyasını əhatə edir.

          - Keçid siyasətinin tətbiq edilməsinin laboratoriyalar üçün əhəmiyyəti nədən ibarətdir?

- Keçid siyasətinin tətbiq edilməsi ilə:

  • Laboratoriyaların fəaliyyəti yaxşılaşacaq və beynəlxalq tələblərə uyğun qurulacaq;
  • ILAC-ın əsas tələblərinin tətbiq edilməsi təmin ediləcək;
  • Keçid siyasətini uğurla tətbiq edən laboratoriyalardan xidmət alan qurumların sayı artacaq.

Bütün sınaq və kalibrləmə laboratoriyaları bilməlidirlər ki, ILAC-ın tələblərinə əməl etməklə onlar öz nəticələrinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, bununla da keyfiyyət ekosisteminin yaxşılaşdırılmasına nail olacaqlar.

Fürsətdən istifadə edib bildirməliyəm ki, AzAK tərəfindən 1 iyul 2024-cü ildən sonra həyata keçiriləcək illik qiymətləndirmələr zamanı laboratoriyaların ILAC-ın və beynəlxalq standartın tələblərinə uyğunluqlarının təmin edilmədiyi aşkar edilərsə, həmin laboratoriyaların akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.

          - Keçid siyasətinə dəstək kimi təlimlərin keçirilməsi nəzərdə tutulurmu?

- AzAK keçid siyasətinə dəstək məqsədilə laboratoriyalara TÜRKAK ekspertlərinin iştirakı ilə ardıcıl təlimlərin keçirilməsini nəzərdə tutur. Bu təlimlərdən birincisi cari ilin 16-18 oktyabr tarixlərində keçirilib və Azərbaycanda akkreditasiyadan keçmiş 33 kalibrləmə laboratoriyası həmin təlimdə iştirak edib. Növbəti aylarda sınaq laboratoriyaları üçün, eləcə də həmin laboratoriyaları qiymətləndirəcək qiymətləndirici texniki ekspertlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edim ki, təlimlər laboratoriyalar tərəfindən maraqla qarşılanır. Ümumiyyətlə, TÜRKAK tərəfindən 2022-ci ilin ortalarından başlayaraq, AzAK heyəti, qiymətləndirici/texniki ekspertlər üçün silsilə təlimlər keçirilib.

          - Uyğunluğu qiymətləndirən qurumlara, xüsusilə də laboratoriyalara nələri tövsiyə edərdiniz?

- Uyğunluğu qiymətləndirən qurumlara, xüsusilə də laboratoriyalara demək istəyirəm ki, ölkə iqtisadiyyatının güclənməsi üçün fəaliyyətlərini beynəlxalq tələblərə uyğun qursunlar.

                                                                                                                                                                                                                                                    İlhamə İSABALAYEVA

Bu xəbəri paylaşın :