Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Akkreditasiya Mərkəzi”nin əməkdaşları üç beynəlxalq standart üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
Türkiyə Akkreditasiya Agentliyinin (TürkAK) mütəxəssisləri tərəfindən keçirilən təlimlər ISO/IEC 17011:2017 (Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər), ISO/IEC 17025:2017 (Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər) və ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sisteminə dair tələblər) beynəlxaq standartları əsasında baş tutub.
Təlimləri uğurla başa vuran əməkdaşlara TürkAK tərəfindən təsis olunan sertifikatlar təqdim edilib, iştirakçılara sahənin inkişafında müvəffəqiyyətlər arzulanıb.
Qeyd edək ki, göstərilən təlimlər uyğunluğu qiymətləndirən qurumların məmnuniyyətinin artırılmasına, istehlakçı mənafeyinin qorunmasına, keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi ilə istehsalçı və istehlakçı arasında qarşılıqlı əlaqələrin formalaşmasına, sınaq və kalibrləmə laboratoriyalarının fəaliyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradacaq.