Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusunda 3 günlük təlim təşkil olunub.
AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə peşəkar əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçirilən təlimdə uyğunluğun qiymətləndirilməsi sahəsində çalışan müxtəlif müəssisələrin 20-dən yuxarı mütəxəssisi iştirak edib.
Təlimin əsas məqsədi iştirakçıların validasiya və verifikasiya proseslərinin prinsipləri ilə tanış olması, habelə ölçmə qeyri-müəyyənliyi və təhlili qaydaları üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı əldə edilən biliklər müvafiq sahədə laboratoriyaların fəaliyyətində etibarlılığın və dəqiqliyin təmin edilməsinə, o cümlədən xidmət keyfiyyətinin yüksəldilməsi və beynəlxalq tələblərə uyğun təşkilinə töhfə verəcək.
Təlimin sonunda tədris olunan mövzu üzrə imtahanı uğurla başa vuran iştirakçılara müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatının təqdim olunması nəzərdə tutulub.
AzAK ölkədə uyğunluğun qiymətləndirilməsi sahəsində laboratoriyaların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və xidmət keyfiyyətin yüksəldilməsi istiqamətində maarifləndirici təşəbbüslərini davam etdirəcək.