AzAK rəhbərliyi Ümumdünya Akkreditasiya Gününə həsr olunan beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, 9 İyun - Ümumdünya Akkreditasiya Gününə həsr olunan beynəlxalq konfransda iştirak edib.
Akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən konfransda AzAK-la yanaşı, Özbəkistan Texniki Tənzimləmə Agentliyi (O’TTSA), Özbəkistan Akkreditasiya Mərkəzi (ÖZAKK), Beynəlxalq Akkreditasiya Forumu (IAF), Çoxtərəfli Tanınma Razılaşması Komitəsinin (APAC MLA Commitee) nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər iştirak ediblər.
Konfrans zamanı keyfiyyət infrastrukturunun daha da təkmilləşdirilməsi, bu sahədə beynəlxalq standartlara inteqrasiyanın sürətləndirilməsi, eləcə də akkreditasiya sistemlərinin beynəlxalq təcrübə və qabaqcıl yanaşmalar əsasında inkişaf etdirilməsi məsələləri ön plana çəkilib. İştirakçılar regional və beynəlxalq səviyyədə akkreditasiya qurumları arasında uzunmüddətli tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Konfrans çərçivəsində AzAK-ın direktoru E. Zeynalov, ÖZAKK-ın direktor müavini Ş. Yuldaşova və müşavir Z. Əhmədovun iştirakı ilə ikitərəfli görüş baş tutub.
Görüş zamanı Azərbaycanda akkreditasiya sahəsində həyata keçirilən islahatlar və mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Özbəkistanın akkreditasiya sahəsində beynəlxalq tanınma üzrə əldə etdiyi təcrübə və imkanlar barədə müzakirələr aparılıb.