AzAK rəhbərliyi EA-nın Baş Assambleyasının 56-cı iclasında iştirak edib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Portuqaliya Respublikasının Eştoril şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Baş Assambleyasının (GA) 56-cı iclasında iştirak edib.
Ümumilikdə 46 akkreditasiya qurumundan 100-ə yaxın nümayəndənin iştirak etdiyi iclasda EA prezidentinin, o cümlədən Məsləhət Şurası, Çoxtərəfli Saziş Şurası, Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər üzrə Komitələrin təqdimatları dinlənilib.
Bundan əlavə, EA-ya həqiqi üzv olan dövlətlərin, eləcə də təşkilata həqiqi üzvlük üçün müraciət edən milli akkreditasiya orqanlarında aparılan həmkar qiymətləndirmələrinin nəticələri müzakirə edilib.
Sonda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi, müvafiq qurumlar arasında çoxtərəfli tanınma razılaşmaları, əməkdaşlıq perspektivləri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.