AzAK rəhbərliyi Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığının (APAC) illik toplantılarında iştirak edib
Toplantılar zamanı akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, qarşılıqlı tanınma mexanizmləri və təşkilatın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov İndoneziya Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində E.Zeynalov Bali vilayətində keçirilən Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) təşkilatının illik toplantılarında iştirak edib.
Bir sıra ölkələrin akkreditasiya orqanlarının, regional əməkdaşlıq qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və qarşılıqlı tanınma mexanizmlərinin inkişafı baxımından mühüm platforma olub.
Toplantılar çərçivəsində işçi qrupların iclasları, seminarlar və texniki komitələrin sessiyaları keçirilib, akkreditasiya sahəsində aktual məsələlər, eləcə də beynəlxalq təcrübə üzrə fikir mübadiləsi aparılıb. Həmçinin təşkilati məsələlər, gündəliyin təsdiqi, əvvəlki iclasın protokolları, idarəetmə hesabatları, maliyyə vəziyyəti, üzvlük məsələləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tədbirin hesabat sənədlərində AzAK “Yeni Üzv İqtisadiyyat” (New Member Economy) statusunda xüsusi qeyd edilib.
Tədbirin yekununda APAC-ın strateji inkişaf istiqamətləri üzrə mühüm qərarlar qəbul olunub, komitələrin fəaliyyətinin növbəti mərhələləri müəyyənləşdirilib.
Qeyd edək ki, APAC Asiya-Sakit okean regionunda akkreditasiya sahəsində əməkdaşlığı inkişaf etdirən aparıcı beynəlxalq təşkilatlardan biridir. Təşkilat akkreditasiya nəticələrinin qarşılıqlı tanınmasını təşviq etməklə uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq etimadın möhkəmləndirilməsinə, akkreditasiya sistemlərinin inkişafına və region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
AzAK 3 avqust 2025-ci il tarixində ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə APAC-a tamhüquqlu üzv qəbul edilib.