AzAK nümayəndəsi Moldovada keçirilən regional seminarda iştirak edib
Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Moldovanın paytaxtı Kişineu şəhərində “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” və “Yaşıl Transformasiya üçün Keyfiyyət İnfrastrukturu” layihələri çərçivəsində təşkil edilən “Gələcək Regional Əməkdaşlıq Potensialının Araşdırılması” adlı seminarda iştirak edib.
Tədbirə ölkəmizlə yanaşı, Almaniya, Ukrayna, Moldova və Gürcüstanın metrologiya, standartlaşdırma və akkreditasiya üzrə milli orqanlarının nümayəndələri qatılıblar.
Seminar çərçivəsində Almaniyanın milli metrologiya təşkilatı olan Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) “Şərq Tərəfdaşlığı” ölkələri üçün 2025-2028-ci illəri əhatə edən və keyfiyyət infrastrukturu sahəsinə əsaslanan prioritet istiqamətləri müzakirə olunub.
Həmçinin akkreditasiya, metrologiya və standartlaşdırma üzrə yeni regional əməkdaşlıqların qurulması, mövcud əlaqələrin gücləndirilməsi, rəqəmsallaşma və innovasiya sahəsində inteqrasiya ətrafında fikir mübadiləsi aparılıb.