AzAK nümayəndələri Avrasiya regionu üzrə “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələri Avrasiya regionu üzrə akkreditasiya orqanlarının birgə təlim proqramında iştirak ediblər.
Onlayn formatda keçirilən təlimə ölkəmizlə yanaşı, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Rusiya və digər dövlətlərin müvafiq sahədə 40-dan yuxarı mütəxəssisi qatılıb.
Təlim Belarus Dövlət Akkreditasiya Mərkəzi tərəfindən “Sertifikatlaşdırma orqanlarının akkreditasiyası üçün Beynəlxalq Standartlaşdirma Təşkilatı / Beynəlxalq Elektrotexniki Komissiya (ISO/IEC) 17065:2012 tələblərinin tətbiqinin praktik aspektləri” mövzusunda təşkil olunub.
Təlim zamanı mövcud sahədə normativ istinadlar, qərəzsizliyin idarə olunması, ümumi tələblər, ayrı-seçkiliyin istisna edilməsi, məxfilik, uyğunsuzluqların idarə olunması və qiymətləndirmə resursları kimi predmetlərə nəzər salınıb, iştirakçılara praktiki nümunələr əsasında izahlar verilib.