Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) mütəxəssisləri “İSO/İEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair tələblər” beynəlxalq standartları əsasında təlimlərdə iştirak ediblər.
Əməkdaşlarımız “Türkiyə Akkreditasiya Agentliyi” (TürkAK) tərəfindən təşkil olunan təlimlərdə sınaq laboratoriyalarının qiymətləndirilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
Bu təlimlər sınaq laboratoriyalarının fəaliyyətinin optimallaşdırılmasına və müasir tələblərə uyğun təşkil olunmasına geniş imkanlar yaradacaq. Eyni zamanda laboratoriyaların səriştəliliyini və etibarlılığını qiymətləndirməklə qurumlar və ölkələr arası əməkdaşlıq asanlaşacaq.
Sonda təlim iştirakçılarına TürkAK tərəfindən təsis edilən sertifikatlar təqdim edilib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.