AzAK-da “Validasiya/Verifikasiya və ölçmə qeyri-müəyyənliyi” mövzusunda təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən “Validasiya/Verifikasiya və ölçmə qeyri-müəyyənliyi” mövzusunda üç günlük təlim təşkil edilib.
AzAK-ın laboratoriyaların akkreditasiyası üzrə peşəkar əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçirilən təlimdə uyğunluğun qiymətləndirilməsi sahəsində çalışan müxtəlif müəssisələrin 10-a yaxın mütəxəssisi iştirak edib.
Təlimin məqsədi iştirakçıların validasiya və verifikasiya proseslərinin prinsipləri ilə tanış olması, habelə ölçmə qeyri-müəyyənliyi və təhlili qaydaları üzrə bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlim proqramı metodların validasiyası və verifikasiyası üzrə ümumi anlayışlar və tətbiq sahələri, ölçmə qeyri-müəyyənliyinin qiymətləndirilməsi, validasiyanın əsas göstəriciləri, eləcə də “ISO/IEC 17025: Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair tələblər” beynəlxalq standartı üzrə mövzuları əhatə edib.
Bununla yanaşı, iştirakçılara keyfiyyətə nəzarət qrafiklərinin qurulması və kənar dəyərlərin müəyyən edilməsi metodları izah olunub.
Təlim zamanı tədris olunan mövzu üzrə imtahanı uğurla başa vuran iştirakçılara müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatının təqdim olunması nəzərdə tutulub.