AzAK-da sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər mövzusunda təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda 3 günlük təlim təşkil edilib.
Ölkədə fəaliyyət göstərən sözügedən laboratoriyaların fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili məqsədilə keçirilən təlimdə dövlət və özəl qurumların müvafiq sahədə çalışan 15-ə yaxın mütəxəssisi iştirak edib.
Təlim proqramı çərçivəsində AzAK-ın laboratoriyaların akkreditasiyası istiqaməti üzrə peşəkar əməkdaşı Çinarə Əhmədzadə tərəfindən AZS ISO/IEC 17025:2020 standartının strukturu barədə ətraflı məlumat verilib, resurs və proseslərə dair tələblər, metodların seçilməsi, verifikasiya və validasiya, ölçmə qeyri-müəyyənliyi, nəticələrin etibarlılığı, risklərin idarə edilməsi, daxili audit və rəhbərlik üzrə təhlil meyarları izah olunub.