AzAK-da sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər mövzusunda növbəti təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda 3 günlük təlim təşkil edilib.
Təlimdə dövlət və özəl qurumların müvafiq sahədə fəaliyyət göstərən 20 yaxın mütəxəssisi iştirak edib.
Təlim ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının beynəlxalq standartlara uyğun fəaliyyətinin dəstəklənməsi, eləcə də bu sahədə çalışan işçi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.
Proqram çərçivəsində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə peşəkar əməkdaşı Çinarə Əhmədzadə tərəfindən iştirakçılara AZS ISO/IEC 17025:2020 standartının strukturu və ümumi tələbləri, resurslara dair tələblər, avadanlıqlar və metroloji izləniləbilənlik, proses tələbləri (metodların seçilməsi, verifikasiyası və validasiyası, ölçmə qeyri-müəyyənliyi, nəticələrin etibarlılığının təmin edilməsi), həmçinin idarəetmə sistemi tələbləri (sənədləşmə, qeydlərə nəzarət, risklərin idarə edilməsi, daxili audit və rəhbərlik tərəfindən təhlil) barədə ətraflı məlumat verilib.