AzAK-da Qazaxstanın Milli Akkreditasiya Mərkəzi və İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Aqentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) Qazaxstanın Milli Akkreditasiya Mərkəzi (NCA) və İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.
"Reverse Linkage Program" (“Əks - Əlaqə Proqramı”) layihəsi çərçivəsində keçirilən görüş AzAK-ın Beynəlxalq Akkreditasiya Forumuna (İAF) tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma sazişinin imzalanmasına hazırlıq məqsədilə baş tutub. Belə ki, sözügedən layihə AzAK-ın NCA və İİB ilə institusional potensialın gücləndirilməsi, təcrübə mübadiləsi və beynəlxalq tanınma üçün zəruri sənəd və prosedurların uyğunlaşdırılması istiqamətlərində əməkdaşlığını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində AzAK sənədlərinin və idarəetmə sisteminin ISO/IEC 17011 (Uyğunluğun qiymətləndirilməsi - Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər), o cümlədən IAF və Akkreditasiya üzrə Asiya - Sakit Okean Əməkdaşlığı Təşkilatının (APAC) tələblərinə uyğunluğu təhlil edilib, akkreditasiya prosesinin mərhələləri nəzərdən keçirilib.
Bundan əlavə, AzAK-ın idarəetmə sisteminin təkmilləşdirilməsi müzakirə olunub, ISO/IEC 17021-1 (Uyğunluğun qiymətləndirilməsi idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər), ISO/IEC 17024 (Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər) və ISO/IEC 17065 (Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər) beynəlxalq standartlarının tətbiqi ilə bağlı təkliflər dinlənilib.
Qeyd edək ki, "Reverse Linkage Program" layihəsi İslam İnkişaf Bankının üzv ölkələri arasında bilik və təcrübə mübadiləsini təşviq edir. Layihə çərçivəsində daha təcrübəli qurumlar digər üzv ölkələrin institusional potensialının gücləndirilməsinə dəstək göstərir.