Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzi beynəlxalq tələblər üzrə yeni qaydalara keçid siyasətini təqdim edib

Azərbaycan Akkreditasiya Mərkəzi beynəlxalq tələblər üzrə yeni qaydalara keçid siyasətini təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən kalibrləmə laboratoriyaları ilə bağlı yeni tələblərə dair görüş keçirilib.

Tədbirin məqsədi AzAK-ın ILAC-a tamhüquqlu üzvlüyü və Qarşılıqlı Tanınma Sazişinin imzalanması istiqamətində beynəlxalq tələblərə uyğunlaşdırılmış prosedur, qayda və təlimatlarını elan etməsidir. Belə ki, bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi öyrənilərək AzAK-ın idarəetmə sistemi ISO/IEC 17011 - “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılıb.

Maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə AzAK tərəfindən akkreditasiya edilmiş kalibrləmə laboratoriyalarının mövcud statuslarının davamlılığı üçün öz fəaliyyətlərinin 30 iyun 2024-cü il tarixinə qədər yeni prosedur, qayda və təlimatlara, habelə ILAC-ın tələblərinə uyğunlaşdırılması tövsiyə edilib. İlkin mərhələdə sözügedən laboratoriyalar tərəfindən müvafiq keçid planı hazırlanması və AzAK-a təqdim olunması nəzərdə tutulur. Növbəti ilin 1 iyul tarixindən yeni qaydalara uyğunluq üzrə qiymətləndirmələr aparılacaq və nəticələri barədə qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Tədbir zamanı iştirakçılara AzAK-ın keçid siyasətinə dair müvafiq izahlarla yanaşı, ISO/IEC 17025 standartının kalibrləmə laboratoriyalarının fəaliyyəti ilə bağlı bəndlər, ILAC-ın “Ölçmə Nəticələrinin Metroloji izlənilməsi üzrə siyasət” sənədi, “Kalibrləmə zamanı ölçmə qeyri-müəyyənliyi üçün siyasət” sənədi, AzAK-ın eyni məzmunlu sənədləri, “Kalibrləmə laboratoriyalarının akkreditasiya sahəsinin hazırlanması üçün təlimat sənədi”nə aid məlumatlar təqdim edilib.

Sonda laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və onların həlli yolları müzakirə edilib,  qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, sınaq və kalibrləmə laboratoriyaları Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsi üzərindən https://bit.ly/kechidsiyaseti keçid siyasəti ilə tanış ola bilərlər. Bundan əlavə, akkreditasiyadan keçmiş sözügedən laboratoriyalara yeni prosedur, qayda və təlimatların təsdiq edilməsinə dair müvafiq bildirişlər təqdim olunub.

Bu xəbəri paylaşın :