25 Noyabr 2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri İstanbul şəhərində təşkil olunan Ümumdünya Halal Sammitində və İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) Halal Sərgisində iştirak ediblər. “Davamlı ticarət üçün böyüməkdə olan qlobal halal sənayenin bütün aspektlərini kəşf et” mövzusunda keçirilən sammitdə halal qida, halal kosmetika və fərdi qulluq, əczaçılıq, halal turizm və yerləşdirmə, İslam bankçılığı və maliyyəsi, tekstil və təvazökar moda sahələri üzrə tədqiqatçılar və ekspertlər arasında təcrübə mübadiləsi aparılıb.

Halal sənayesi ilə bağlı yenilikləri özündə birləşdirən sərgiyə 32 ölkədən 350-dən yuxarı iştirakçı qatılıb. Burada xarici və yerli türk şirkətlərinə öz məhsullarını nümayiş etdirmək və biznes əlaqələri qurmaq imkanı yaradılıb.