Azərbaycan Akkreditasiya Mərkəzi haqqında.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixil 604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (DAX) yaradılmışdır.

Eyni zamanda həmin fərmanla Dövlət Akkreditasiya Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti Milli akkreditasiya orqanı olaraq, beynəlxalq təcrübəyə və standartlara uyğun akkreditasiya üzrə işlərin həyata keçirilməsində dövlət siyasətini təmin edən icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasında akkreditasiya üzrə Milli orqanın fəaliyyətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirdi. Bu zaman Komitə tərəfindən eyni zamanda göstərilən sertifikatlaşdırma, akkreditasiya və digər uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri Azərbaycan Respublikasının Ümum- dünya Ticarət Təşkilatına üzvlüyü üçün vacib şərt olan ÜTT-nin tələblərinə tam cavab vermirdi. Məhz buna görə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradıldı.

Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli № 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır.