2016-cı il ərzində Dövlət Akkreditasiya Xidməti tərəfindən 101 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilmişdir.  Onlardan 72-si sınaq laboratoriyası, 4-ü oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan, 16-sı kalibrləmə laboratoriyası, 5-i personalın sertifikatlaşdırılması üzrə orqan, 1-i  keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı, 3-ü isə inspeksiya xidməti göstərən orqandır.

 Akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə Komitə sədrinin 160120400072 nömrəli 01.09.2016-cı il tarixli Əmri ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətində Apellyasiya Şurası təşkil edilmişdir.

Komitə sədrinin 160120400073 nömrəli 01.09.2016-cı il tarixli Əmri ilə Milli Akkreditasiya Sisteminin təkmilləşdirilməsi, akkreditasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, bu sahəni tənzimləyən normativ-hüquqi aktların hazırlanması ilə bağlı təkliflərin verilməsi, Milli Akkreditasiya Sisteminin təşkilati-funksional quruluşuna, respublikada akkreditasiya sahəsinə aid beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyələrin hazırlanması, həmçinin xarici dövlətlərin uyğunluğu qiymətləndirən qurumlarının akkreditasiya sahəsində qabaqcıl təcrübələrinin təhlil edilməsi və ölkədə tətbiq edilməsi imkanlarının araşdırılması, Milli Akkreditasiya Sisteminin inkişafına dair təkliflərin hazırlanması üçün Akkreditasiya üzrə Məsləhətçi şura yaradılmışdır.

2016-cı ildə mütəmadi olaraq sənaye müəssisələrinə informasiya dəstəyinin göstərilməsi məqsədilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 9001-2015 standartının yeni versiyası və İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarına olan ümumi tələblər”, İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”nin  tətbiqi üzrə sertifikatlaşdırılmış təlimlər keçirilmişdir.

İSO 9001-2015, İSO 14001-2015 və digər uyğun standartlarda edilmiş və gözlənilən dəyişikliklər barədə dövlət və qeyri-dövlət qurumlarının məlumatlandırılması məqsədilə cari ilin  dekabrında Komitənin təşkilatçılığı ilə İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, OHSAS-ın layihə qrupunun, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PC 283 Texniki Komitəsinin layihə qrupunun, İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri cənab Çarlz Korri tərəfindən “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirilmişdir.

Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədi ilə uyğunluğun qiymətləndirilməsinin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin və onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının  beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparılmaqdadır. Bu məqsədlə 2017-ci ildə nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə müvafiq işlər görülmüş, bu layihə fişinin Komitə əməkdaşları tərəfindən təhlili aparılaraq təsdiq edilməsi üçün müvafiq orqana (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) təqdim edilmişdir.

Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin AZS İSO/İEC 17011-2013 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədi ilə zəruri qayda, daxili prosedurlar və sənədlər hazırlanmış və təsdiq edilmişdir. Həmin sənədlər tətbiq olunma mərhələsindədir.

Sağlam rəqabətin təmin edilməsi və ölkədə  sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün 2016-cı ilin noyabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə iki mərhələdən ibarət müsabiqə elan edilmişdır. Müsabiqədə iştirak üçün iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas şərt olmuşdur. Müsabiqənin birinci mərhələsi yekunlaşmış, yaradılmış xüsusi komissiya tərəfindən qaliblərin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmışdır. Birinci mərhələnin qalibləri müəyyən edilərək müvafiq mükafatlarla təltif olunmuş,qaliblərin adları respublikanın kütləvi informasiya vasitələrində elan edilmişdir.Qaliblərin  ikinci mərhələdə iştirak etməsi üçün sənədlərinin MDB Dövlətlərarası Şuraya təqdim edilməsi üzrə işlər aparılır.

2016-cı ildə  Dövlət Akkreditasiya Xidməti (AzDAX) tərəfindən “Keyfiyyət üzrə siyasət” və “Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq edilmişdir. Keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etməkdir. Təsdiq olunmuş sənədə əsasən AzDAX fəaliyyətini İSO/İEC 17011 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında həyata keçirməyi, sifarişçilər üçün akkreditasiya qaydalarının əlçatanlığını, mülkiyyət formasından və ya müraciət edilən akkreditasiya sahəsindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi orqanları üçün akkreditasiya qaydalarının eyniliyini təmin etməyi qarşısına məqsəd qoyub.

AzDAX-ın akkreditasiyasının nəticələrinin beynəlxalq səviyyədə tanınması, Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə (İLAC) qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq və beynəlxalq səviyyədə tanınma, həmçinin qərəzsizliyin və tərəfsizliyin təmin edilməsi məqsədi ilə akkreditasiya prosesində iştirak edən bütün maraqlı tərəflərin iştirakını təmin etmək qurumun keyfiyyət üzrə siyasətinə daxil edilib. Hazırda Dövlət Akkreditasiya Xidmətinin Avropa  Əməkdaşlıq Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır.