Xəbərlər
Moskvada MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası rəhbərlərinin 50-ci iclası keçirilib

Cari ilin 7-9 dekabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası rəhbərlərinin 50-ci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin sədri Aleksey Abramov, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və s. respublikaların milli orqanlarının rəhbər şəxsləri iştirak edib.

İclasa sədrlik edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri  Ramiz Həsənov çıxışında Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər planı, MDB-nin qarşılıqlı ticarətdə texniki baryerlər barədə qarşılıqlı anlaşma sazişinin müzakirəsi, ölkələrarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə yeni müasir tələblərə cavab verən etalonların hazırlanması, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasının qarşılıqlı tanınması və digər məsələlərə toxunmuşdur.

İclas zamanı məhsulların və xidmətlərin keyfiyyəti sahəsində əldə edilən nailiyyətlərə görə müsabiqə haqqında MDB Hökumət başçıları Şurasının qərarlarının icrası, 2016-2018-ci illər üçün dövlətlərarası standartlaşdırma üzrə proqramın aktuallaşdırılması, standartlaşdırma üzrə dövlətlərarası texniki komitələrin fəaliyyətinin sistemləşdirilməsi, sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması və üzv ölkələrin milli sertifikatlaşdırma sistemlərinin fəaliyyətinin səmərəliliyinin artırılması mövzuları  da müzakirə edilib.

Qərara alınıb ki, MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans və rəhbərlər şurasının növbəti iclası 2017-ci ilin 30 may-1 iyun tarixlərində Azərbaycan Respublikasında keçirilsin.

Məlumat üçün bildirək ki, 2016-2017-ci illərdə Azərbaycan Respublikası sözügedən Dövlətlərarası Şuraya sədrlik edir.

 

 

Yenilənmə tarixi: 09.12.2016

TƏRƏFDAŞLAR
KEÇİDLƏR