YARANMA TARİXİ

Azərbaycanda Milli Akkreditasiya Sisteminin qurulması yeni təcrübədir və bu sahədə inkişaf günbəgün artmaqdadır. İlk mərhələdə, Milli Sertifikatlaşdırma sisteminə daxil olan, sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiyasını həyata keçirən yüksək ixtisaslı kadrlardan formalaşmış Akkreditasiya şöbəsi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2009-cu il tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında" Əsasnamənin 8.25-ci bəndinə əsasən Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək Komitənin vəzifələrinə aid edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2012-ci il tarixli 604 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (bundan sonra - Xidmət)  akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə  laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra  hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət

Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnaməni rəhbər tutur.

Hazırda Komitə tərəfindən Milli Akkreditasiya orqanının əsas prinsiplərini, strukturunu özündə əks etdirən "Akkreditasiya haqqında" qanunun layihəsi hazırlanmışdır. Nəzərdə tutulan "Akkreditasiya haqqında" qanun layihəsi Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşaiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalbrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləməlidir. Bu qanun layihəsinin məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycan Respublikasının Akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.

Hazırda Dövlət Reyestrində 170 akkreditasiya olunmuş laboratoriya qeydiyyata alınmışdır. (130 texniki səlahiyyətliliyə, 40 texniki səlahiyyətliliyə və müstəqilliliyə görə). Bu laboratoriyalar arasında 78 yeyinti məhsulları üzrə, 22 neft-kimya sahəsində, 17 maşınqayırma sahəsində, 12 inşaat materialları sahəsində, 40 kalibrləmə laboratoriyası, 21 digər sahələr üzrə fəaliyyət göstərir.

Azərbaycan Respublikası ərazisində 7 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqanın fəaliyyəti razılaşdırılmış, 2 keyfiyyəti idarə etmə sistemlərinin, 1 personalın, 9 oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanın və 1 inspeksiya xidmətləri göstərən orqanın akkreditasiya edilməsi ilə bağlı işlər həyata keçirilmişdir. İdarəetmə sistemlərinin yaradılması sahəsində konsaltinq fəaliyyəti üzrə 3 təşkilatın səriştəliyi təsdiq edilmiş və AZS Milli Sertifikatlaşdırma sistemində qeydiyyatı aparılaraq onlara şəhadətnamələr verilmişdir.

Yenilənmə tarixi: 08.01.2014

XƏBƏRLƏR

TƏRƏFDAŞLAR
KEÇİDLƏR